Əmtəə nişanının qeydiyyata alınması ilə bağlı iddia sənədinin verilməsi, ekspertizası və iddia sənədinin materiallarına düzəlişlərin və əlavələrin edilməsi şərtləri
Əmtəə nişanlarının qeydiyyata alınması barədə iddia sənədi
iddiaçı tərəfindən Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə
(bundan sonra – Agentlik) təqdim edilir.
İddiaçı Agentliyə iddia sənədini aşağıdakı qaydada verə bilər:
- bilavasitə;
- Agentlikdə qeydə alınmış patent müvəkkili vasitəsilə.
Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası
müqavilələrdə başqa qaydalar nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasında
sahibkarlıq fəaliyyəti göstərənlər istisna olmaqla xarici hüquqi və fiziki
şəxslər Agentliyə iddia sənədini yalnız patent müvəkkilləri vasitəsilə verə
bilərlər.
İddia sənədi ərizədən (xüsusi forma) və ona qoşulan zəruri sənədlərdən ibarət
olmaqla bir əmtəə nişanına aid olmalıdır.
Əmtəə nişanının qeydə alınmasına dair ərizədə aşağıdakılar
göstərilməlidir:
- iddiaçının adı, yerləşdiyi və ya yaşadığı yer, imzası (iddia sənədi patent
müvəkkili vasitəsilə verildikdə, patent müvəkkilinin soyadı, adı, ünvanı və
imzası);
- iddia edilən nişanın şəkli ya üçölçülü forması;
- əmtəələrin və ya xidmətlərin Əmtəə və Xidmətlərin Beynəlxalq Nitsa təsnifatı
üzrə qruplaşdırılmış siyahısı;
- əmtəə nişanının rəngi və ya rənglərin kombinasiyası;
- nişanın və ya onun müəyyən hissəsinin transliterasiyası və tərcüməsi.
Ərizəyə aşağıdakılar qoşulur:
- iddia sənədi patent müvəkkili vasitəsilə verildikdə onun səlahiyyətlərini
təsdiq edən sənəd;
- kollektiv nişanın nizamnaməsi, kollektiv nişanı öz adına qeydə almağa vəkil
edilmiş subyektin adı, kollektiv nişandan istifadə hüququ olan subyektin bütün
üzvlərinin siyahısı, bu nişanın aid ediləcəyi əmtəələrin və ya xidmətlərin
siyahısı, əmtəənin vahid keyfiyyəti və digər xüsusiyyətləri barədə məlumat;
- zəruri halda əmtəə nişanının "Əmtəə nişanları və coğrafi göstəricilər
haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə uyğun
ilkinliyini təsdiq edən sənəd;
- coğrafi göstəricinin qeydiyyatı ilə bağlı iddia sənədi verildikdə iddiaçının
göstərilən coğrafi obyektdə olması, şöhrəti, xüsusiyyəti başlıca olaraq coğrafi
mənşəyindən irəli gələn əmtəəni istehsal etməsi və ya xidməti göstərməsi barədə
sənəd və müvafiq ərazi üzrə yerli icra hakimiyyəti orqanı tərəfindən verilən
rəy;
- əmtəənin mənşə ölkəsində iddiaçının iddia etdiyi coğrafi göstərici üzərində
hüququnu təsdiq edən sənəd.
Əmtəə nişanının və coğrafi göstəricinin qeydə alınmasına dair ərizə Azərbaycan
dilində verilir.
ƏMTƏƏ NİŞANININ İLKİNLİYİ
Əmtəə nişanının ilkinliyi iddia sənədinin Agentliyə daxil
olduğu tarixdən müəyyənləşdirilir.
Əmtəə nişanının ilkinliyi Paris Konvensiyasının iştirakçısı olan ölkədə birinci
iddia sənədinin verildiyi tarixdən də müəyyənləşdirilə bilər (konvensiya ilkinliyi).
Bu halda iddia sənədi həmin tarixdən 6 ay ərzində Agentliyə təqdim edilməlidir.
Paris Konvensiyasının iştirakçısı olan dövlətlərdən birinin ərazisində təşkil
edilmiş rəsmi beynəlxalq sərgilərin eksponatlarında yerləşdirilmiş əmtəə
nişanının ilkinliyi sərgidə eksponatın açıq göstərildiyi tarixdən
müəyyənləşdirilə bilər (sərgi ilkinliyi).
Əmtəə nişanı və coğrafi göstərici barədə iddia sənədinin ekspertizası
müəyyənləşdirilmiş qaydalara uyğun olaraq ilkin ekspertizadan və ekspertizadan
ibarət olmaqla Agentliyin tabeliyindəki Patent və Əmtəə Nişanlarının
Ekspertizası Mərkəzi tərəfindən həyata keçirilir.
İddia sənədinin ekspertizasına başlanıldığı tarixdən bir ay müddət keçdikdən
sonra iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 27 may
tarixli 247 nömrəli Qərarı ilə müəyyən edilmiş xidmət haqqını ödəmək
şərtilə onun vəsatəti əsasında iddia
sənədinin materiallarına düzəlişlər və əlavələr edilə bilər. Lakin ekspertizanın
başlanıldığı tarixdən sonra bir ay keçməmişdirsə, iddia sənədinin
materiallarına düzəlişlərin və əlavələrin edilməsi üçün iddiaçıdan haqq tələb
olunmur.
Əlavə materiallar qeydiyyata verilmiş nişanın mahiyyətini dəyişirsə və ya iddia
sənədində göstərilən əmtəələrin və xidmətlərin siyahısına onlarla həmcins
olmayan əmtəələri və ya xidmətləri daxil edirsə, həmin materiallar baxılmağa
qəbul olunmur və iddiaçı tərəfindən müstəqil iddia sənədi kimi rəsmiləşdirilə
bilər.
İddiaçı tərəfindən və ya onun xahişi ilə iddia sənədi sadalanan əmtəələrin və
xidmətlərin bölünməsi yolu ilə bir neçə iddia sənədinə ayrıla bilər. Ayrılmış
iddia sənədləri üçün ilk iddia sənədinin verildiyi tarix və iddia edilmiş əmtəə
nişanının ilkinliyi saxlanılır.
İDDİA SƏNƏDİNİN GERİ GÖTÜRÜLMƏSİ
Əmtəə nişanı və ya coğrafi göstərici barəsində iddia sənədi
ona baxılmasının istənilən mərhələsində iddiaçının xahişi ilə geri götürülə
bilər.
İLKİN EKSPERTİZA
Əmtəə nişanı və ya coğrafi göstərici barəsində iddia
sənədlərinin ilkin ekspertizası iddia sənədlərinin daxil olduğu tarixdən 1 ay
müddətində aparılır.
Əmtəə nişanı və ya coğrafi göstərici barəsində iddia sənədlərinin ilkin
ekspertizasının aparılması gedişində iddia sənədinin məzmunu, zəruri sənədlərin
mövcudluğu, habelə müəyyənləşdirilmiş tələblərə uyğunluğu yoxlanılır. İlkin
ekspertizanın nəticələrinə əsasən iddia sənədinin baxılmaq üçün qəbul və ya
rədd edildiyi iddiaçıya bildirilir.
ƏMTƏƏ NİŞANLARININ VƏ COĞRAFİ GÖSTƏRİCİLƏRİN EKSPERTİZASI
Əmtəə
nişanının ekspertizası ilkin ekspertizanın başa çatmasından sonra 6 ay ərzində
aparılır.
Ekspertizaların nəticələrinə əsasən əmtəə nişanını və ya coğrafi göstəricinin
qeydə alınmasına və ya qeydə almaqdan imtina edilməsinə dair əsaslandırılmış
qərar qəbul edilir.
Coğrafi göstəricinin ekspertizası 2 ay ərzində
aparılır. |