ŞƏXSİ KABİNET

Azərbaycan Respublikasının Cinayət Məcəlləsindən çıxarış


AZƏRBAYCAN RESPUBLİKASININ CİNAYƏT MƏCƏLLƏSİNDƏN

ÇIXARIŞ

Maddə 166. İxtiraçılıq və patent hüquqlarını pozma

166.1. İxtiraçılıq və patent hüquqlarını pozma, yəni ixtiradan və ya səmərələşdirici təklifdən qanunsuz istifadə etmə və ya ixtira, yaxud səmərələşdirici təkliflərin mahiyyəti barədə məlumatları müəllifin razılığı olmadan və rəsmi dərc edilənədək yayma, müəllifliyi mənimsəmə, şərikli müəllifliyə məcbur etmə, əgər bu əməllər nəticəsində xeyli miqdarda ziyan vurulmuşsa—

min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər ilə cəzalandırılır.

166.2. Eyni əməllər:

166.2.1. təkrar törədildikdə;

166.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə—

iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 197. Əmtəə nişanlarından qanunsuz istifadə etmə

197.1. Özgənin əmtəə və ya xidmət etmə nişanından, əmtəənin mənşə yerinin adından və ya eynicinsli əmtəələrin adına oxşar adlardan istifadə olunması təkrar törədildikdə və ya xeyli miqdarda ziyan vurduqda—

cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya birilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

197.2. Eyni əməllər külli miqdarda ziyan vurduqda—

cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) üç mislindən beş mislinədək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.






  

Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları., 124

2019 © Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi 
Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzi
site by

Azərbaycan Respublikası

Əqli Mülkiyyət Agentliyi