Sual: Sənaye nümunəsi nədir?
Cavab: Sənaye nümunəsi - məmulatın yeni zahiri görkəmini müəyyən edən bədii
və ya bədii-konstruktiv həlldir.
Sual: “Sənaye nümunəsi obyekti” dedikdə nə
başa düşülür?
Cavab: Məmulatın zahiri görkəmini müəyyən edən
bədii-konstruktiv həllər sənaye nümunəsi obyektləri
sayılır. Sənaye nümünəsi şəkil və ya model, yaxud onların
birliyindən ibarət ola bilər. Məmulat dedikdə, istənilən sənaye və ya
kustar-sənət istehsalatı məmulatı, xüsusilə qablaşdırma, etiket, emblem, şrift,
quraşdırma məmulat, məmulatlar dəsti (komplekti), məmulatın tərkib hissələri
məmulatın müstəqil hissəsi, başa düşülür.
Sual: Hansı
sənaye nümunəsi obyektlərinə hüquqi mühafizə verilir?
Cavab: Yeni və ya orijinal olan sənaye
nümunəsinə hüquqi mühafizə verilir.
Sual: Hansı sənaye nümunəsi yeni sayılır?
Cavab: Sənaye
nümunəsinin estetik və erqonomik xüsusiyyətlərini doğuran
mühüm əlamətlərinin məcmusu (forma, konfiqurasiya, ornament və ya
rənglərin quraşması) onun ilkinlik tarixinə qədər mühüm əlamətlərinin
məcmusu mövcud bilgilərdən məlum deyildirsə, sənaye nümunəsi yeni hesab
edilir. Mövcud bilgilər məcmusuna iddia edilən sənaye nümunəsinin ilkinliyi
tarixinə qədər eyni təyinatlı obyektlər və onların Azərbaycan Respublikasında
tətbiqi barədə hamı üçün müyəssər olan məlumatlar aid edilir. Mövcud bilgilər
məcmusuna iddia edilən sənaye nümunəsinə aidiyyəti olan və əmtəə nişanı kimi
Azərbaycan Respublikasında hüquqi mühafizəsi olan obyektlər də daxil edilir.
Sual: “Sənaye
nümunəsinin orijinallığı” dedikdə nə başa düşülür?
Cavab:
Mühüm əlamətləri özünün estetik
xüsusiyyətlərinə yaradıcı xarakter verən sənaye nümunəsi orijinal
hesab edilir.
Sual: Sənaye nümunəsi sayılmayan
obyektlər hansılardır?
Cavab: Aşağıdakı obyektlər
sənaye nümunəsi sayılmır:
-məmulatın yalnız texniki
funksiyasını şərtləndirən həllər;
-arxitektura obyektləri (kiçik arxitektura
formalarından başqa);
-sənaye, hidrotexniki və başqa stasionar
qurğular;
-çap məhsulları;
-maye, qaz, toz və ya bu kimi maddələrdən
hazırlanmış dayanıqsız formalı obyektlər.
Sual:
Sənaye nümunəsi ilə əmtəə nişanının fərqi nədir?
Cavab: Sənaye
nümunəsi əmtəə nişanından onunla fərqlənir ki, sənaye nümunəsi məmulatın
ayrılmaz hissəsidir. Əmtəə nişanı isə malları, işləri və göstərilən xidmətləri
fərdiləşdirmə vasitəsi kimi məmulatın (qablaşdırmanın) üzərində qoyulur və onun
bir hissəsi deyildir.
Sənaye nümunəsinin əsas təyinatı
məmulatların xarici görünüşünün texniki həlli (dizayn) olmaqla, onlara estetik
görünüş (dekorativlik) verməkdir. Əmtəə nişanının əsas funksiyası isə bir
istehsalçının əmtəələrini və/və ya xidmətlərini digər istehsalçının
əmtəələrindən və/və ya xidmətlərindən fərqləndirmək imkanını təmin etməkdir.
Sual:
“Sənaye
nümunəsinin mühüm əlamətlərinin siyahısı”
dedikdə nə başa düşülür?
Cavab:
Sənaye nümunəsinin mühüm əlamətlərinin siyahısı məmulatın şəkli ilə birlikdə
sənaye nümunəsinin һüquqi
mühafizəsinin və iddiaçının iddialarının həcminin müəyyənləşdirilməsi üçün
tərtib edilir. Siyahıya şəkillərdə təqdim olunmuş məmulatın zahiri görkəminin
estetik və (və ya) erqonomik xüsusiyyətlərini şərtləndirən sənaye nümunəsinin
mühüm əlamətləri və məmulatın təyinatını göstərən əlamətlər daxil edilir.
Sənaye nümunəsinin mühüm əlamətlər siyahısının əlamətləri onun təsvirində olan
anlayışlarla xarakterizə edilməlidir.
Sual:
Hansı sənaye nümunəsinə hüquqi mühafizə
verilmir?
Cavab: Kommersiya
məqsədləri üçün istifadəsi ictimai mənafeyə, humanism və əxlaqi prinsiplərə
zidd olan, sənaye nümunəsi qeydiyyatdan keçirilmir və ona hüquqi mühafizə
verilmir. İstehlakçını məmulatın istehsalçısı və ya istehsal yeri barədə, yaxud
məmulatın tara, qablaşdırma etiket kimi xidmət etdiyi əmtəə barəsində yanılda
bilən, digər şəxslərin daha erkən ilkinliyə malik olan əmtəə nişanları ilə eyni
olan və ya onlara qarışdırılacaq
dərəcədə bənzər olan sənaye nümunəsi patentlə mühafizə edilmir və onların
istifadəsi qadağandır.
Sual:
Sənaye nümunəsinə verilən patentin qüvvədə olma müddəti nə qədərdir?
Cavab:
Azərbaycan Respublikasında sənaye nümunəsi üçün patentin qüvvədə olma müddəti
iddia sənədinin Əqli Mülkiyyət Agentliyinə verildiyi gündən etibarən 10 il müəyyənləşdirilmişdir.
Patentin qüvvədə olma müddəti patent sahibinin vəsatəti əsasında 5 ildən artıq
olmamaq şərti ilə uzadıla bilər.
Sual: Sənaye
nümunəsinə patent almaq üçün iddia sənədi nədir?
Cavab: İddia
sənədi sənaye nümunəsinə patent almaq üçün tərtib edilmiş sənədlər toplusudur.
Sual: Sənaye
nümunəsinə dair iddia sənədinin tərkibinə hansı sənədlər daxildir və iddia sənədi necə verilir?
Cavab : Sənaye
nümünəsi barəsində iddia sənədinə aşağıdakılar daxil edilir:
-müəllif (müəlliflər) və adına patent
verilməsi xahiş edilən hüquqi və ya fiziki şəxs (şəxslər),
həmçinin onların yerləşdiyi və ya yaşadığı yer
göstərilməklə patent verilməsi barədə ərizə;
-məmulatın zahiri görkəmi barədə müfəssəl
təsəvvür yaradan fotoşəkil dəsti, maket və ya rəsm;
-sənaye nümunəsinin mahiyyətini açıqlamaq zəruri
olduqda məmulatın ümumi görkəminin çertyojları, erqonomik sxemi,
konfeksiya xəritəsi;
-sənaye nümunəsinin
mühüm əlamətlərini əks etdirən təsviri.
-sənaye nümunəsinin yaradılması və istifadəsi ilə bağlı müəllif
müqaviləsi və xidməti tapşırıq müqaviləsi (sənaye
nümunəsi xidməti tapşırıq əsasında yardıldıqda).
İddiaçı bir neçə fiziki şəxs olduqda, ərizə onların hər biri və ya
səlahiyyətli nümayəndəsi, yaxud onların birlikdə müəyyən etdikləri səlahiyyətli
nümayəndə tərəfindən imzalanmalıdır.
Ərizəyə qoşulan iddia sənədi
bir sənaye nümunəsinə, yaxud öz aralarında vəhdət təşkil edən bir qrup sənaye
nümunəsinə aid edilməlidir.
Ərizə Azərbaycan dilində tərtib olunmalıdır. İddia
sənədinin digər materialları Azərbaycan
dilində və ya başqa dildə verilə bilər. İddia
sənədinin başqa dildə verilmiş materiallarının Azərbaycan
dilinə tərcüməsi iddia sənədinin verildiyi gündən 2 ay
müddətində Əqli Mülkiyyət Agentliyinə təqdim edilməlidir.
Sənaye nümunəsinə patent alınması üçün
ərizə, müəllif müqaviləsi və xidməti tapşırıq müqaviləsinin nümunələriƏqli
mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının
Ekspertizası Mərkəzinin http://patent.copat.gov.az internet
səhifəsində sənaye nümunəsi bölməsində yerləşdirilmişdir.
Sual:
Sənaye nümunəsinə dair patentin sahibi kim ola bilər?
Cavab: Patent
aşağıda göstərilən şəxslərə verilir:
-sənaye nümunəsinin
müəllifinə (müəlliflərinə) və ya onun (onların) varisinə;
-patent verilməsi barədə iddia sənədində,
yaxud sənaye nümunəsi qeydiyyata alınana qədər səlahiyyətli dövlət
orqanına verilmiş ərizədə müəllifin (müəlliflərin) və ya
onun (onların) hüquqi varislərinin göstərdikləri hüquqi və ya
fiziki şəxslərə (onların razılığı ilə);
-“Patent haqqında” Azərbaycan
Respublikasının Qanununun (bundan sonra –Qanun)
13-cü maddəsində nəzərdə tutulan hallarda işəgötürənə.
Sual:
Sənaye nümunəsindən istifadəyə müstəsna hüquq ixtiranın müəllifinə, yoxsa patent sahibinə məxsusdur?
Cavab: Sənaye
mülkiyyəti obyektindən istifadə üçün müstəsna hüquq, digər patent sahiblərinin
hüquqlarını və Qanunun tələblərini pozmamaq şərti ilə patent sahibinə
məxsusdur. İxtiranın müəllifi (müəllifləri) də patent sahibi ola bilər.
Sual: Sənaye
nümunəsinə patent almaq üçün iddia sənədinin tərtib edilməsində kimə müraciət
etmək olar?
Cavab: Sənaye
nümunəsinin patentləşdirilməsi üçün iddia sənədinin tərtib edilməsi məqsədilə
Azərbaycan Respublikasının patent müvəkkillərinin Dövlət reyestrində qeydiyyata
alınmış patent müvəkkilinə müraciət etmək olar..Patent müvəkkilləri barədə
məlumatlar Agentliyin patent.copat.gov.az saytında
yerləşdirilmişdir.
Sual:
Patent alınması üçün milli iddia sənədinin ekspertizasına görə xidmət haqqının
məbləği nə qədərdir?
Cavab: Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2019-cu il 27 may tarixli 247 nömrəli Qərarı
ilə təsdiq edilmiş xidmət haqlarına uyğun olaraq bir sənaye nümunəsinə dair
iddia sənədinin ekspertizası üçün (ilkin ekspertiza da daxil olmaqla) – 20 AZN, iddia
sənədlərinə dair məlumatın dərc edilməsi üçün 6 AZN xidmət
haqqı ödənilməlidir. Əgər iddia sənədinə dair məlumatların 6 aydan tez dərc
olunması barədə iddiaçı vəsatət verirsə, bu halda 30 manat ödənilməlidir.
Sənaye nümunəsinə hüquqi mühafizəsi sahəsində
göstərilən xidmətlərin siyahısı və həmin
xidmətlərə görə ödəniləcək
haqların məbləğlərinə dair
məlumatlar Agentliyin http://copat.gov.az/docs/Xidmet_Haq_Rekvizit.pdf saytında
yerləşdirilmişdir.
Sual: Patenti
neçə ay müddətində almaq olar və onun daha tez alınması mümkündürmü?
Cavab: İddia
sənədlərinə dair məlumatların “Sənaye Mülkiyyəti” bülletenində dərc
edildiyi tarixdən etibarən dərc olunmuş iddia sənədinə etirazın verilmə müddəti
(6 ay) başa çatdıqdan sonra 2 ay ərzində sənaye nümunəsinin qeydiyyatı və
patentin verilməsi üçün 10 manat, dərc olunması üçün 6 manat dövlət rüsumu
ödənilmək şərti ilə Dövlət reyestrində iddia olunan obyekt qeydə alınır
və iddiaçıya patent verilir.
Patent verildikdən sonra 3 ay
ərzində patent barədə məlumat “Sənaye Mülkiyyəti”
bülletenində dərc olunur.
Qeyd: İddia
sənədinin dərcindən sonra etirazın verilməsi üçün Qanunun 31-ci maddəsinin 1-ci
hissəsində nəzərdə tutulmuş 6 aylıq müddətin gözlənilməsi mütləq olduğu
üçün, patent həmin müddətdən tez verilə bilməz.
Sual: Xidmət
haqqlarının və dövlət rüsumlarının ödənilməsi üçün bank rekvizitlərini və
müvafiq hüquqi hərəkətlər üçün xidmət haqqı və rüsumların cədvəlini hansı
saytdan əldə etmək olar?
Cavab:
Xidmət haqlarının və dövlət rüsumlarının məbləğləri barədə məlumatlar Əqli
Mülkiyyət Agentliyinin http://copat.gov.az/docs/Xidmet_Haq_Rekvizit, ödənişlərin aparılması üçün bank rekvizitləri https://copat.gov.az/docs/Rusum internet
səhifələrində yerləşdirilmişdir.
Sual: Sənaye nümunəsi barəsində iddia sənədi və patentlə bağlı
hüquqlar başqasına
verilə bilərmi?
Cavab: Bəli,
mümkündür. Azərbaycan Respublikasının
qanunvericiliyində başqa hallar nəzərdə tutulmayıbsa,
istənilən iddia sənədi və ya patentlə bağlı hüquqlar
tamamilə və ya qismən Azərbaycan Respublikasının Mülki Məcəlləsi
ilə nəzərdə tutulan qaydada özgəninkiləşdirilə bilər.
Sənaye nümunəsi barədə iddia
sənədinin və ya patentlə bağlı hüquqların başqasına
verilməsi Əqli Mülkiyyət Agentliyində qeydiyyata alınır.
Sual: Sənaye
nümunəsi barəsində Beynəlxalq iddia sənədi nədir?
Cavab: Sənaye nümunəsi barəsində Beynəlxalq
iddia sənədi "Sənaye nümunələrinin beynəlxalq qeydiyyatı haqqında"
Haaqa Müqaviləsinin Cenevrə aktının 5-ci maddəsinə uyğun verilən iddia
sənədidir.
Azərbaycan Respublikasının fiziki və ya
hüquqi şəxsləri sənaye nümunəsinə beynəlxalq qeydiyyatın alınması üçün iddia
sənədini Əqli Mülkiyyət Agentliyinə təqdim edə bilərlər.
Sual: Sənaye nümunəsi barəsində
Avrasiya iddia sənədi nədir?
Cavab: “Sənaye nümunəsi barəsində Avrasiya
iddia sənədi” dedikdə, Avrasiya Patent Konvensiyası üçün Sənaye nümunələrinin
Mühafizəsi haqqında Protokolun müddəalarına uyğun regional patent almaq üçün
verilən iddia sənədidir.
Avrasiya Patent Konvensiyasının 15(12)
maddəsinə uyğun olaraq, Avrasiya
iddia sənədi Agentliyə, onun iddiaçılarından, ən azı, biri Azərbaycan
Respublikasında daimi yaşadığı və ya yerləşdiyi ünvanı olduğu təqdirdə verilə
bilər. Avrasiya Patent Konvensiyası üçün Sənaye nümunələrinin Mühafizəsi
haqqında Protokolun 13-cü maddəsinin tələblərinə uyğun olaraq, Avrasiya iddia
sənədi Avrasiya Patent Təşkilatına göndərilir.
Avrasiya Patent Konvensiyası üçün Patent
Təlimatının (II hissə.Sənaye nümunələri) 93-cü Qaydasına uyğun olaraq, Avrasiya
iddia sənədinin verilməsi barədə ərizə rus dilində verilir. Avrasiya iddia
sənədinin digər materialları rus dilində və ya başqa dildə verilə bilər. Başqa
dildə verilmiş Avrasiya iddia sənədinin materiallarına onların rus dilinə
tərcüməsi əlavə olunur.
Sual: Sənaye nümunəsinin ilkinlik
tarixi nə deməkdir?
Cavab: İlkinlik məhdud bir müddət üçün meydana çıxan və patent
verilməsi üçün iddia sənədinin ilk (digər iddiaçıdan daha əvvəl) verilməsi ilə
başlayan bir üstünlük hüququdur. Bu halda iddiaçı yaradılmış sənaye
mülkiyyəti obyektini daha sonra iddia etmiş digər şəxs (şəxslər) qarşında öz
birinciliyini sübut etmək və həmin sənaye mülkiyyəti obyektinə patent almaq
üstünlüyünü verir.
Sual: İddia sənədinin
ilkinliyi necə müəyyən edilir?
Cavab: Sənaye
nümunəsinin ilkinliyi Qanunun 28-ci maddəsinin 1-ci
hissəsinə müvafiq olaraq
rəsmiləşdirilmiş iddia sənədinin Agentliyə daxil olduğu tarixdən müəyyənləşdirilir.
Sual: Konvensiya və
sərgi ilkinlikləri necə müəyyən edilir?
Cavab: İlkinlik ilk iddia sənədinin Sənaye mülkiyyətinin
mühafizəsinə dair Paris konvensiyasının və ya Ümumdünya Ticarət
Təşkilatının iştirakçısı olan dövlətdə verilməsi tarixindən
müəyyənləşdirilə bilər (konvensiya
ilkinliyi). Bu şərtlə ki, sənaye nümunəsi barəsində iddia
sənədi 6 ay ərzində Əqli Mülkiyyət
Agentliyinə verilmiş olsun.
Paris
konvensiyasının və ya Ümumdünya Ticarət
Təşkilatının iştirakçısı olan dövlətin ərazisində təşkil
edilən beynəlxalq rəsmi sərgidə nümayiş etdirilmiş obyektin
ilkinliyi həmin obyektin sərgidə açıq nümayiş etdirildiyi tarixdən də
müəyyən edilə bilər. Bu şərtlə ki, ərizə həmin
tarixdən ən geci 6 ay keçənədək Əqli Mülkiyyət Agentliyinə təqdim
edilmiş olsun. Bu cür ilkinlik sərgi
ilkinliyi adlanır.
Sual: Sənaye
nümunəsinə patent verilməsi barədə iddiaçı bir neçə olduqda patent necə verilir?
Cavab: Bu
halda iddia ərizəsində adı birinci göstərilmiş şəxsə və ya iddiaçıların ümumi
razılığı ilə onlardan
birinə patentin əsli, digərlərinə isə patentin Əqli Mülkiyyət Agentliyində təsdiq edilmiş surəti verilir.
Sual: Patentin dublikatı hansı hallarda verilir?
Cavab: Patent
sahibi əsaslandırılmış vəsatətlə Əqli mülkiyyət Agentliyinə
müraciət etdikdə ona patentin dublikatı verilir. Vəsatətdə patentin
dublikatının istənilməsinin səbəbləri göstərilməlidir.
Patentin dublikatının
verilməsi üçün “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə
müəyyən edilmiş məbləğdə dövlət
rüsumu ödənilməlidir.
Sual: Sənaye
nümunəsinin iddiaçısı və müəllifi müxtəlif şəxslər olduqda patent kimə verilir?
Cavab: Patent
bir qayda olaraq iddiaçıya verilir. İddiaçı ilə müəllif
müxtəlif şəxslər olduqda da patent iddiaçıya verilməlidir. Lakin sənaye
nümunəsinin müəllifinin patentin surətini almaq hüququ vardır.
Sual: Müəllif iddiaçı deyilsə, onun adı patentdə
göstərilməlidirmi?
Cavab: Müəllifin adı patentdə göstərilməlidir. Lakin
müəllif öz adının göstərilməsindən imtina edə bilər.
Sual: Sənaye nümunəsinə verilmiş patentin qüvvəsinə
vaxtından əvvəl xitam verilə bilərmi?
Cavab: Aşağıdakı hallarda
patentin qüvvəsinə vaxtından əvvəl xitam verilir:
-patent sahibinin Əqli Mülkiyyət Agentliyinə verdiyi ərizə əsasında;
-patentin
qüvvədə saxlanması üçün qanunvericiliyə uyğun olaraq haqqın ödənilməsi
üçün müəyyən edilmiş müddətdən 12 aylıq möhlət müddəti keçənədək ödənilmədikdə;
- Qanunun 37-ci maddəsinə əsasən sənaye nümunəsinə verilmiş patent həmin Qanunun 9-cu
maddəsinin tələblərinə uyğun olmadığı üçün tamamilə etibarsız sayıldıqda.
Sual: Sənaye
nümunəsinə verilmiş patent hansı hallarda etibarsız sayılır?
Cavab: Sənaye nümunəsinə verilmiş patent onun qorunduğu bütün
dövrə şamil olunmaqla aşağıdakı hallarda bütövlükdə etibarsız sayılır:
-sənaye nümunəsinin Qanunun
9-cu maddəsinə uyğun olmadığı təsdiq edildikdə;
-patentin təsviri
mütəxəssis tərəfindən həyata keçirilməsi üçün aydın və tam
açıqlanmadıqda;
-patentlə verilən
hüququn həcmi ilkin iddia sənədinin hüdudlarından kənara çıxdıqda;
-Qanunun 12-ci
maddəsinə uyğun patent onu almaq hüququna malik
olmayan şəxsə verildikdə.
Qeyd: Yuxarıda göstərilən şərtlər
sənaye nümunəsinə verilmiş patentə tamamilə aid olmadıqda patent
qismən etibarsız sayıla bilər.