ŞƏXSİ KABİNET

“Kreativ iqtisadiyyat: gələcək naminə innovasiyalar” mövzusunda vebinar keçirilib

2022-04-26

Ümumdünya Əqli Mülkiyyət Təşkilatının 2000-ci ildə 26 aprel - Beynəlxalq Əqli Mülkiyyət Gününü elan etməsi bəşər cəmiyyətinin əqli mülkiyyətə və onun yaradıcılarına hörmət hissindən irəli gəlmişdir. Beynəlxalq Əqli Mülkiyyət Günü münasibəti ilə hər il dünyanın əksər ölkələrində keçirilən müxtəlif formatlı tədbirlərin əsas məqsədi əqli mülkiyyətin mədəni irsin zənginləşməsində, davamlı iqtisadi inkişafda və informasiya cəmiyyətinin formalaşmasındakı rolunu diqqətə çatdırmaq, əqli mülkiyyət hüquqlarının innovasiya və yaradıcılığın təşviqində oynadığı rolu göstərmək, yaradıcı insanların fəaliyyətini dəstəkləmək və stimullaşdırmaq, əqli mülkiyyətin yaradıcılarına olan hörmət və ehtiramı nümayiş etdirməkdir.

Beynəlxalq Əqli Mülkiyyət Günü ilə əlaqədarÜmumdünya Əqli Mülkiyyət Təşkilatının dünya ictimaiyyətinə ünvanlanmış builki müraciətində qeyd olunur ki, “Hər il aprelin 26-da biz əqli mülkiyyət (ƏM) hüquqlarının innovasiya və yaradıcılığın inkişafında oynadığı rol barədə danışmaq üçün Beynəlxalq Əqli Mülkiyyət Gününü qeyd edirik. Beynəlxalq Əqli Mülkiyyət Günü - 2022 gənclərin davamlı gələcəyə keçidi dəstəkləyən yeni və daha səmərəli həllər tapmaq üçün böyük potensialını qeyd etməlidir.

2022-ci il Beynəlxalq Əqli Mülkiyyət Gününün mövzusu “Əqli mülkiyyət və gənclik: Gələcək naminə inovasiyalar”dır və diqqət mərkəzində innovasiya və gənclərin yaradıcılığı olacaqdır. Müasir gənclər ixtiraçılıq və yaradıcılığın inanılmaz və əsasən istifadə olunmamış mənbəyidir. Gənclərin yeni baxışları, enerjisi, marağı və çətinlikləri dəf etməyə hazır olmaları, eləcə də daha yaxşı gələcəyə can atmaları artıq mövcud yanaşmaları dəyişdirir və innovasiya və dəyişikliyə stimul verir”.

Ənənəvi olaraq Beynəlxalq Əqli Mülkiyyət Günü ölkəmizdə də təntənəli şəkildə qeyd olunur və hər il bununla əlaqədar silsilə tədbirlər təşkil edilir. Cari ilin 26 aprel tarixində Əqli Mülkiyyət Agentliyi və Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının birgə təşkilatçılığı ilə “Kreativ iqtisadiyyat: gələcək naminə innovasiyalar” mövzusunda konfrans-vebinar keçirilib.

Tədbiri giriş sözü ilə açan Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov Azərbaycan xalqının irsi, o cümlədən ənənəvi mədəni nümunələri, bilikləri, sənətkarlığının kreativliyindən irəli gəldiyini qeyd edərək ilk növbədə cənab Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş, uzaqgörən siyasəti nəticəsində, xüsusən, işğaldan azad edilmiş ərazilərdə salınan kreativliyi təcəssüm etdirən şəhərlər – Smart City, Smart Village – cərgəsinə çoxlu mədəni mərkəzlərimizin də daxil olacağına ümidvar olduğunu bildirib.

Agentliyin rəhbəri Azərbaycanın kreativliyinin dəstəklənməsində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daxidmətlərinin əvəzsiz olduğunu vurğulayaraq onun Azərbaycanın yaradıcı və sənətkar təbəqəsinə, kreativ sinfinə olan qayğısının, mədəniyyətə, milli mədəni dəyərlərimizə olan diqqətinin və humanitar sahədə həyata keçirilən təşəbbüslərinin kreativ Azərbaycanın reallaşdırılmasında böyük rəğbətlə qarşılandığını diqqətə çatdırıb.

K.İmanov vurğulayıb ki, Əqli Mülkiyyət Agentliyinin fəaliyyəti dövlət başçısının uğurla apardığı islahatlara xidmət etmək, Azərbaycanın yeniləşməsinin növbəti dördüncü sənaye inqilabının fəal iştirakçısına çevrilməsindədir. Dövlət başçısının təsdiq etdiyi Agentliyin Nizamnaməsində “əqli mülkiyyətin müasir iqtisadiyyatda rolunun artırılması və müəlliflik hüququna əsaslanan iqtisadiyyatda (kreativ iqtisadiyyatda) investisiya mühitinin yaxşılaşdırılması, əqli fəaliyyət nəticələrinin kommersiyalaşdırılması və kreativ iqtisadiyyatın ölkənin ümumi daxili məhsulundakı payının müəyyən edilməsi, həmçinin texnologiyaların transferinin, innovasiyalara dəstək və kommersiyalaşdırılma infrastrukturunun yaradılması ilə bağlı tədbirlər görmək”dir (2.2.8-ci bənd). Üstəlik, “əqli mülkiyyət hüquqlarına əsaslanan milli iqtisadiyyat sahələrinin iqtisadi göstəricilərinin daimi müşahidəsini aparmaq,ümumi daxili məhsulda əqli mülkiyyətə əsaslanan sənayenin payını daha dəqiq dəyərləndirmək üçün müvafiq işlər görmək, əqli fəaliyyət nəticələriilə bağlı beynəlxalq reytinqlərdə ölkəmizin reytinqinin müşahidəsini həyata keçirmək, təhlillər aparmaq və təkliflər hazırlamaq” (3.1.43-cü bənd) kimi müddəalar yer almışdır.

Vebinarın açılış hissəsində çıxış edən Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının İdarə Heyətinin sədri Vasif Eyvazzadə yaradıcı sənayelərdə müasir biznes çağırışlarının (maliyyəyə çıxış, vergi, gömrük, əqli mülkiyyət, milli məzmun yaradıcılığında dəstək, bilik-bacarıqların artırılması, innovasiyalar və s.) ətraflı təhlil edilməsi, dövlət-özəl təfədaşlığının inkişafı, bilik-bacarıqların artırılması, effektiv sahəvi təşkilatlanma, müvəqqəti vergi güzəştlərinin və sərfəli kredit imkanlarının yaradılması, milli məzmun yaradıcılığı və istehsalın təşviqi, tələbin stimullaşdırılması və s. kimi məsələlərin həll edilməsi zəruriliyini qeyd edib.

Tədbirdə Bakı Dövlət Universitetinin Əqli mülkiyyət hüququ kafedrasının müdiri vəzifəsini icra edən, Ombudsman aparatının rəhbəri Aydın Səfixanlı “Gənclərin əqli mülkiyyət sahəsində ixtisaslaşması və onun iqtisadiyyatın inkişafına təsiri” mövzusunda məruzə edib. O, Əqli Mülkiyyət Agentliyi ilə əməkdaşlıq çərçivəsində Bakı Dövlət Universitetində də əqli mülkiyyət hüquqlarının qorunması və təmin edilməsi, bu sahədə yüksək ixtisaslı elmi və elmi-pedaqoji kadrlara artan ehtiyacın ödənilməsi məqsədilə davamlı işlərin görüldüyüunü bildirib, Hüquq fakültəsində Əqli Mülkiyyət Hüququ kafedrasının yaradıldığını, peşəkar müəllim heyyətinin formalaşdırıldığını, tələbələrin əqli mülkiyyət sahəsində nəzəri və təcrübi biliklərinin inkişaf etdirilməsi üçün geniş imkanların yaradıldığını vebinar iştirakşıların diqqətinə çatdırıb.

Əqli Mülkiyyət Agentlyinin Əqli mülkiyyətin təhlili və siyasəti şöbəsinin müdiri Rüstəm Ağayevin “Kreativ industriyanın inkişafı” mözvusunda məruzə edərək, kreativ məhsul və xidmətlərin əsasının müəllif hüquqlarını cəmləşdirən mülkiyyət təşkil etdiyini bildirib, 2003-cü ildən başlayaraq Müəllif Hüquqları Agentliyi daha sonra isə Əqli Mülkiyyət Agentliyi tərəfindən ÜDM-da müəlliflik hüququ və əlaqəli hüquqlara əsaslanan sənayelərin-kreativ industriyanın payının araşdırıldığını və müvafiq hökumət strukturlarına çatdırıldığını qeyd edib və Azərbaycanda ÜDM-da kreativ sənayenin payının getdikcə artmaqda olduğunu vurğulayıb.

Müzakirələr zamanı Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun İcraçı direktoru vəzifələrini icra edən Yusif Abdullayev və AMEA-nın İqtisadiyyat İnstitutunun baş direktoru Nazim İmanov da çıxış edərək müzakirə edilən məsələ ilə bağlı fikirlərini bölüşüblər.

Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanovun giriş sözü təqdim edilir.




« XƏBƏRLƏR






  

Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları., 124

2019 © Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi 
Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzi
site by

Azərbaycan Respublikası

Əqli Mülkiyyət Agentliyi