Əqli Mülkiyyət Agentliyinin əməkdaşları Bakı Mühəndislik Universitetində

15-12-2023

Əqli Mülkiyyət Agentliyinin əməkdaşları Bakı Mühəndislik Universitetində

2023-cü il 13 dekabr tarixində Bakı Mühəndislik Universitetində Əqli Mülkiyyət Agentliyinin bir neçə əməkdaşının iştirakı ilə görüş keçirilib. Tədbirin məqsədi universitetin əməkdaşları üçün əqli mülkiyyət hüquqlarının qorunması ilə bağlı maarifləndirmə işinin aparılması və ixtiraçılıq fəallığının artırılması idi.

Görüşdə Agentliyin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin İxtira, faydalı model və sənaye nümunəsinin ekspertizası şöbəsinin müdiri Sevinc Zeynalova və İlkin ekspertiza, axtarış və sənaye nümunələri üzrə iş sektorunun müdiri Afət Qasımovanın məruzələri dinlənilib.

Təqdimatlarda xaricdə patentləşdirmə proseduru, Patent Əməkdaşlıq Sazişi (PCT) sistemi ilə beynəlxalq iddia sənədlərinin patentləşdirilməsinin üstünlükləri, ixtiraçılıq fəaliyyətinin stimullaşdırılması üçün ixtiraların və faydalı modellərin PCT beynəlxalq sistemi vasitəsilə xarici dövlətlərdə patentləşdirilməsi və onların ilk üç il müddətində qüvvədə saxlanılması üçün Azərbaycan Respublikasının vətəndaşı olan hüquq sahiblərinin ödədikləri xərclərin 50 (əlli) faizinin dövlət tərəfindən maliyyələşdirilməsi, iddia sənədlərinin qrafik materiallarının 3D model formatında qəbul edilməsi, ixtira, faydalı model, sənaye nümunəsi obyektləri, patent alınması üçün ərizə nümunəsinin doldurulması qaydası, iddia sənədinin tərtibi, ixtiranın və faydalı modelin təsvirinin struktur bölmələrinin məzmunu, iddia sənədinin Əqli Mülkiyyət Agentliyinə verilməsi qaydası və “Patentlərə, Əmtəə Nişanlarına Açıq Hədəf” (PƏNAH) sistemi barədə məlumat verilib.

Görüşdə universitetin maddi-texniki bazası, elmi-tədqiqat fəaliyyəti, laboratoriyaların və Texnoparkın fəaliyyəti, ixtiraçılıq fəallığının artılması istiqamətində gələcəkdə icrası nəzərdə tutulan işlər barəsində fikir mübadiləsi aparılıb. Agentliyin ixtiraçıların innovativ ideyalarının əqli mülkiyyət obyektləri qismində patentləşdirilməsi və hüquqi mühafizəsinin təşkil olunması üçün Texnologiyalara və İnnovasiyalara Dəstək Mərkəzinin yaradılması istiqamətində Bakı Mühəndislik Universitetinə dəstək olmağa hazır olduğu bildirilib.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.