ŞƏXSİ KABİNET

Azərbaycan nümayəndə heyəti Ümumdünya Əqli Mülkiyyət Təşkilatı Baş Assambleyasının 62-ci sessiyasında iştirak etmişdir

2021-10-08

İsveçrənin Cenevrə şəhərində oktyabrın 4-dən 8-dək COVID-19 infeksiyası ilə əlaqədar  hibrid formada keçirilən Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) Baş Assambleyasının 62-ci sessiyasında Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanovun rəhbərlik etdiyi nümayəndə heyəti onlayn rejimdə iştirak etmişdir.

Baş Assambleyanın növbəti sessiyasının açılışında çıxış edən ÜƏMT-nin Baş direktoru Daren Tanq pandemiya dövründə rəhbərlik etdiyi təşkilatın mütəxəssislərinin yüksək peşəkarlıq və çeviklik nümayiş etdirdiklərini bildirərək, ÜƏMT-nin prioritet hədəflərini açıqladı. Qeyd etdi ki, hamının sınağa çəkildiyi pandemiya şəraitində ÜƏMT bütün çətinlikləri qətiyyətlə dəf edə bilmişdir. Baş direktor əminliklə vurğulamışdır ki, “Bizi qarşıda çətin yol gözləyir, lakin biz innovasiya və yaradıcılıq sayəsində pandemiyaya qalib gələcəyik, ədalətli, inkluziv və dayanıqlı inkişafa qayıdacağıq”.

Baş Assambleyanın plenar iclasında Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov çıxış etmişdir. K. İmanov ölkəmizin əqli mülkiyyət sistemində əldə edilmiş uğurların səbəbləri sırasında ÜƏMT-nin zəngin təcrübəsinin, eyni zamanda onun əsaslandığı ardıcıllıq və sabitlik ənənəsindən bəhrələnməyin mühüm rol oynadığını bildirdi.  Qeyd etdi ki, ÜƏMT-nin növbəti beş il üçün Ortamüddətli Strateji Planına uyğun olaraq əqli mülkiyyət “hər kəsin xeyrinə innovasiya və yaradıcılığı dəstəkləyən bir dünyanın yaradılmasına” yeni töhfələr verəcəkdir.

K.İmanov Azərbaycanın ÜƏMT ilə sıx əməkdaşlıq etdiyini, əqli mülkiyyət sahəsində prioritet məsələlərə dair birgə memorandumlar imzalandığını diqqətə çatdıraraq, dedi ki, Əqli Mülkiyyət Agentliyinin başlıca məqsədi ölkə rəhbərliyi tərəfindən həyata keçirilən iqtisadi islahatlara dəstək vermək, innovasiyaların tətbiqini təşviq etmək və əqli mülkiyyətin iqtisadi artımın fəal faktoruna çevrilməsinə nail olmaqdan ibarətdir. O, daha sonra dedi ki, ölkəmizdə “əqli mülkiyyətin institusional strukturunun dəyişməsi hüquqların qorunmasının rəqəmsallaşdırılmasının tətbiqinə, şəffaflıq və fəaliyyətin intensivləşdirilməsi üzrə tətbiqlərin yaradılmasına, universitetlərin ekspertiza üzrə bazalara əlçatanlığına, lokal əqli mülkiyyət ofislərinin dəstəklənməsinə və Əqli Mülkiyyət Agentliyinin nəzdində Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzinin yaradılmasına” gətirib çıxarmışdır.

Ənənəvi bilikləri əqli mülkiyyət obyekti kimi qəbul edən müəlliflik hüququ üzrə qanunvericilik aktlarında dəyişikliklərin aparıldığını bildirən K. İmanov ənənəvi biliklərin və ənənəvi mədəni nümunələrin qorunması, qeydiyyatı və onların hüquqi mühafizəsi sahəsində həyata keçirilən tədbirləri xatırlatdı. Qeyd etdi ki, görülən tədbirlər nəticəsində iddia ərizələrinin baxılma müddətləri tezləşdirilib, ixtiraçılıq və patent aktivliyi, habelə ölkənin ÜDM-də kreativ sənayenin payı artıb.

K.  İmanov çıxışının sonunda işğaldan azad edilmiş və ermənilər tərəfindən tamamilə dağıdılmış Qarabağ torpaqlarında innovativ dəyişikliklərin təşviq edilməsinə və burada “ağıllı şəhər” və “ağıllı kənd”in yaradılması üçün aparılan işlərə dəstək verildiyini xüsusi olaraq   iştirakçıların diqqətinə çatdırdı.

...

 Baş Assambleyanın 62-ci sessiyasında Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri  K. İmanov ÜƏMT-nin Müəlliflik hüququna dair Müqaviləsi Assambleyasının sədri seçilmişdir.

Azərbaycan nümayəndəsinin belə mötəbər vəzifəyə seçilməsi dövlətimizin başçısının uğurlu siyasəti nəticəsində ölkəmizin beynəlxalq nüfuzunun artmasının göstəricisidir.



« XƏBƏRLƏR






  

Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları., 124

2019 © Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi 
Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzi
site by

Azərbaycan Respublikası

Əqli Mülkiyyət Agentliyi