ŞƏXSİ KABİNET

Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) Baş direktoru cənab Daren Tanq milli əqli mülkiyyət ofislərinin rəhbərləri ilə videogörüşlər keçirir

2021-06-29

 Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin
 sədri Kamran İmanov növbəti görüşdə iştirak və çıxış etmişdir

Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzi Agentliyin saytında dərc edilmiş məlumata   istinad edərək bildirir ki, 2021-ci il iyun ayının 22-də Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) Baş direktoru cənab Daren Tanqın bir   sıra ölkələrin əqli mülkiyyət ofislərinin rəhbərləri ilə video formatda görüşü keçirilmişdir.

 Cənab D.Tanq görüş iştirakçılarına müraciət edərək milli əqli mülkiyyət idarəsinin sabiq rəhbəri kimi ölkələrin əqli mülkiyyət qurumlarının   problemlərindən məlumatlı olduğunu bildirərək, əqli mülkiyyət məsələlərinə dair 2022-2026-cı illər üzrə hazırlanmış Ortamüddətli Strateji   Plan, həmçinin üzv-dövlətlərin təklifləri əsasında hazırlanan 2022-2023-cü illər üçün Proqram və Büdcə haqqında geniş məlumat verib.


ÜƏMT-nin Baş direktoru əqli mülkiyyət hüquqlarının idarəedilməsi və texnologiyaların ötürülməsi sahəsində yüksək keyfiyyətli xidmətlərin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Qeyd edib ki, bu sahədə həyata keçirilən tədbirlərin fərdi və institusional imkanların yaradılması, o cümlədən milli, regional və beynəlxalq səviyyələrdə elmi-tədqiqat müəssisələri arasında əlaqələrinin qurulması vasitəsilə daha da təkmilləşdiriləcəkdir.

Videogörüşdə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov maraqlı məruzə ilə çıxış edərək, Azərbaycanın ÜƏMT ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyini bildirmiş, ÜƏMT və Azərbaycan arasında imzalanmış Anlaşma Memorandumunun, 2018-2021-ci illər üçün Fəaliyyət Planının ölkəmizin əqli mülkiyyət sisteminin inkişafında əhəmiyyətli rol oynadığını bildirib. O, ölkə başçısının rəhbərliyi altında əldə olunmuş iqtisadi nailiyyətlərdən danışaraq, əqli mülkiyyət sahəsində vahid dövlət qurumunun yaradıldığını nəzərə çatdırıb. O, ÜƏMT-nin məqsəd və mandatının həyata keçirilməsində D.Tanqın göstərdiyi səylərə Azərbaycanın dəstəyini ifadə edib və qarşıdakı illər üçün yeni Fəaliyyət Planı hazırlanmasında maraqlı olduğunu vurğulayıb.

Agentliyin rəhbəri müasir texnologiyaların mövcud ƏM landşaftına təsir etdiyini və getdikcə daha çox təsir edəcəyini qeyd edərək 2020-ci il 21 yanvar tarixində Azərbaycan Respublikasının Prezidenti və Dünya İqtisadi Forumunun prezidenti arasında imzalanmış niyyət protokolu və Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 06 yanvar tarixli Fərmanı əsasında “Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi”nin yaradıldığını və cari ilin 1 aprel tarixindən fəaliyyətə başladığını diqqətə çatdırıb. K.İmanov bildirib ki, “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi Mərkəzin fəaliyyətində iştirak edir - İdarə Heyətinin sədr müavini Mərkəzin Müşahidə Şurasının üzvüdür və bizim vəzifəmiz IV sənaye inqilabının nailiyyətlərinin həyata keçirilməsi strategiyasında iştirak etmək, daxili texnologiyaların inkişafına təkan vermək və ixtiraçılıq fəallığını artırmaq, o cümlədən texnologiyaların kommersiyalaşdırılması və transferi mexanizmlərini formalaşdırmaqdır. Xüsusi qeyd edək ki, Agentliyin tabeliyində Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzi yaradılmışdır.”

O, kreativ sektorun əhəmiyyətini vurğulayaraq, son iki ildə kiçik və orta sahibkarlıq üçün bir sıra dəyirmi masalar və forumlar keçirildiyini, broşuralar buraxıldığını, işğaldan azad edilmiş ərazilərimizdə “ağıllı şəhər”, “ağıllı kənd” (smart-city, smart-village) konsepsiyaları tətbiq edildiyini, 10 il ərzində kreativ sektorun iqtisadiyyata verdiyi töhfənin 3% artdığını və ÜƏMT metodologiyasına görə, ÜDM-un 5,1% -ni təşkil etdiyini qeyd edib.

Agentliyin rəhbəri ƏM-in müasir inkişafındakı tendensiyalardan qaynaqlanan problemlərə toxunaraq Azərbaycanın ÜƏMT-nin süni intellekt sahəsində işini dəstəklədiyini bildirib və mütəxəssislərin "ƏM hüquqlarının klassik kateqoriyalarından kənara çıxan məlumatlar siniflərinə münasibətdə mülkiyyət hüquqlarının yenidən müəyyən edilməsinin qaçılmaz göründüyü" fikri ilə razılaşdığını ifadə edib.

K.İmanov iqtisadiyyatla ƏM hüquqlarının qorunması arasında korrelyasiya məsələsinə toxunaraq Agentlik tərəfindən bu sahədə aparılmış araşdırmanı diqqətə çatdırıb, eyni zamanda müəllif hüququ ilə sənaye mülkiyyəti arasında kəsişən məqamları qeyd edərək bu məsələnin ÜƏMT çərçivəsində müzakirə edilməsini təklif edib.

ÜƏMT-nin Baş direktoru D.Tanq Azərbaycan nümayəndəsinin çıxışını yüksək dəyərləndirib və K.İmanovdan ölkəmizin sahə üzrə qabaqcıl təcrübəsi və aparılmış araşdırmaların nəticələri ilə bölüşməyi xahiş edib.

Videogörüşdə Avrasiya regionunun 28 ölkəsinin əqli mülkiyyət üzrə orqanlarının səlahiyyətli nümayəndələri iştirak ediblər. Tədbirdə Türkiyə, Rusiya, Hindistan, Səudiyyə Ərəbistanı, Bolqarıstan, Qırğız Respublikası, Finlandiya və İordaniyanın əqli mülkiyyət qurumlarının rəhbərləri də çıxış ediblər.

Çıxışlarda ÜƏMT-nin əqli mülkiyyət ekosistemlərinin inkişafı, ƏM-in iqtisadi aspektləri və kommersiyalaşdırılması sahəsində gənclər, xüsusilə də kiçik və orta bizneslə bağlı fəaliyyəti dəstəklənib.

Qeyd edək ki, bu tədbir müxtəlif saat qurşaqları üzrə təşkil edilən belə xarakterli ikinci görüşdür. İlk görüş Uzaq Şərq və Sakit Ökean ölkələri üçün keçirilib. Növbəti tədbir Latın Amerikası dövlətlərinin nümayəndələri üçün təşkil ediləcəkdi.


« XƏBƏRLƏR






  

Ünvan: Bakı şəhəri, AZ 1078, Nəsimi rayonu, Mərdanov qardaşları., 124
Telefon: 449-99-59;  449-62-71;  449-62-73

2019 © Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi 
Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzi
site by

Azərbaycan Respublikası

Əqli Mülkiyyət Agentliyi