ŞƏXSİ KABİNET

Əqli Mülkiyyət Agentliyində “Gələcəyə baxış” Avrasiya Patent Universiadasının qalibləri olan gənclərlə görüş keçirilib

2021-06-22

https://azertag.az/xeber/1813995

Bakı, 22 iyun, AZƏRTAC

Əqli Mülkiyyət Agentliyində Avrasiya Patent Təşkilatı tərəfindən keçirilmiş “Gələcəyə baxış” Universiadasının qalibləri olan şagird və tələbələrlə görüş təşkil edilib.

Bu barədə AZƏRTAC-a Əqli Mülkiyyət Agentliyindən məlumat verilib. Bildirilib ki, tədbiri açan Agentliyin İdarə Heyətinin üzvü, sədr müavini Sənan Tapdıqov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan islahatları, elm, təhsil və mədəniyyət sahəsinə dövlət qayğısını xüsusi vurğulayıb.

Dövlətimizin yaradıcı şəxslərə, ixtiraçılara daim diqqət göstərməsindən söz açan Sənan Tapdıqov Əqli Mülkiyyət Agentliyinin bu sahədə həyata keçirdiyi işlərdən danışıb, o cümlədən yetişən nəslin elmi-texniki nailiyyətlərə yiyələnməsi, ixtiraçılıq ruhunda formalaşması üçün təşəbbüslərini qeyd edib. Bu sırada o, ölkəmizin bir sıra orta ümumi təhsil məktəblərinin şagirdləri, ali təhsil müəssisələrinin tələbələri və gənc alimlərin Avrasiya Patent Təşkilatının 25 illiyinə həsr olunmuş “Gələcəyə baxış” Universiadasında iştirak etməsi məsələsinə toxunub.

Sənan Tapdıqovun sözlərinə görə, şagird və tələbələr, gənc elmi işçilər üçün hər il keçirilən müsabiqəyə Agentliyin təşəbbüsü ilə qoşulan Azərbaycanın gənc ixtiraçıları dəfələrlə onun qalibləri olublar. Belə ki, 2019-cu ildə ölkəmizin nümayəndələri Universiadanın nominantları olublar.

Agentliyin İdarə Heyətinin üzvü, sədr müavini Sənan Tapdıqov xüsusi vurğulayıb ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə Vətən müharibəsində əldə olunmuş parlaq Zəfər bütün xalqımızı ruhlandırdığı kimi, gənc ixtiraçıların da nailiyyətlərində özünü göstərib: Avrasiya Patent Təşkilatının keçirdiyi yubiley müsabiqəsində onlar yüksək yerləri tutublar. Sədr müavini bu münasibətlə gəncləri və onların elmi rəhbərlərini Agentliyin adından təbrik edib, onlara gələcək elmi fəaliyyətlərində uğurlar arzulayıb.

Qeyd edək ki, Universiadanın nəticələrinə görə, Sumqayıt Dövlət Universitetinin tələbələri Seymur Talıbov və Qüdrət Ağazadənin “Tibbi müəssisələrdə COVID-19 koronavirusunun müəyyən edilməsi və avtomatik aradan qaldırılması üçün mobil həll” layihəsi ikinci yerə, Bakı Dövlət Universitetinin tələbəsi Zərifə Əhmədzadə və Bakı Avropa Liseyinin şagirdi Elvin Əhmədzadənin “Elektronika üçün CdFeTe Epumaksial pərdə” layihəsi isə üçüncü yerə layiq görülüb.

Tədbirdə iştirak edən Avrasiya Patent Təşkilatının vitse-prezidenti Emil Məmmədov təşkilatın fəaliyyəti, Universiadanın keçirilməsi haqqında qısa məlumat verib və qalibləri təbrik edib.

Bakı Dövlət Universitetinin elm və innovasiyalar üzrə prorektoru Hüseyn Məmmədov və Sumqayıt Dövlət Universitetinin elm və innovasiyalar üzrə prorektoru Ramazan Məmmədov Əqli Mülkiyyət Agentliyinə gənc ixtiraçı və alimlərə diqqətinə görə minnətdarlıqlarını bildiriblər, Avrasiya Patent Təşkilatının keçirdiyi Universiadada iştirak etmək təşəbbüsünü təqdir ediblər.

Tədbirin sonunda Avrasiya Patent Universiadasının qaliblərinə diplomlar və hədiyyələr təqdim olunub.



« XƏBƏRLƏR






  

Ünvan: Bakı şəhəri, AZ 1078, Nəsimi rayonu, Mərdanov qardaşları., 124
Telefon: 449-99-59;  449-62-71;  449-62-73

2019 © Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi 
Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzi
site by

Azərbaycan Respublikası

Əqli Mülkiyyət Agentliyi